Bu gün İsrailin Azərbaycandakı səfirliyinin birinci katibi və missiya rəhbərinin müavini Avital Rosenberq, Tel-Əvivin Reut İnstitutunun təsisçisi və rəhbəri Gidi Qrinşteyn Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb. Görüşdə ölkələrimiz arasındakı dostluq münasibətlərinin daimiliyindən və diaspor fəaliyyəti sahəsindəki əlaqələrin inkişafından danışılıb.
Qonaqlara son zamanlar Komitənin gördüyü işlər, yeni nəsil diaspor nümayəndələri ilə əlaqələrin genişlənməsi, məlumat bazasının zənginləşməsi və ümumiyyətlə diaspor siyasətinin yeni mərhələyə qədəm qoyması barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, diaspor siyasəti sahəsində yeni metodlara söykənərək, müasir texniki imkanlardan istifadə edərək uğurlu təcrübələrin tətbiqinə nail olmaq, yeni müzakirə platformaları yaratmaq və birgə fəaliyyət imkanlarını genişləndirmək olduqca vacibdir.