“Palmali” Şirkətlər Qrupu, “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkil etdiyi “Xocalı üçün paylaş” kampaniyasının yekun nəticələri qiymətləndirilib.
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası Təşkilat Komitəsinin açıqladığı məlumata əsasən, kampaniya başlayandan sonra 24 saat ərzində sosial şəbəkə istifadəçiləri ümumilikdə 51 min 322 tvit paylaşıblar. Həştəqlər toplam olaraq 33 min 226 dəfə retvit edilib.
“Twitter” platformasında aparılan kampaniyanın ümumi baxış sayı 55 milyon 570 min 492 olub.
Kampaniya “Top Trend” olaraq Türkiyənin “Twitter” gündəmində ümumilikdə 12 saat yer tutub. Bu kampaniyanın nəticələri “Twitter”in tarixində Xocalı Soyqırımı ilə bağlı rekord nəticədir.
Qeyd edək ki, “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası bu il fevralın 26-da İstanbul Universitetində təşkil olunan tədbirlə start götürüb.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvü Saffet Sancak, Milli Məclisin deputatı Sona Əliyeva, İstanbul Universitetinin prorektoru prof. dr. Sedat Murat, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov, “İpək yolu” Strateji Araşdırmalar Mərkəzinin direktoru Seyfullah Türksoy, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Türkiyənin tanınmış sənətçiləri Hülya Avşar, Ahmet Şafak, Ercan Saatçı və digərləri iştirak ediblər.
Bununla yanaşı digər sosial şəbəkələrdə də Sibel Can, Mahsun Kırmızıgül, Kubat, Hadise, Hakan Mengüc kimi məşhurlar “Xocalı üçün paylaş” ideyasına dəstək veriblər.
“Palmali” Şirkətlər Qrupunun təşəbbüsü ilə İstanbulda 600 nöqtədə bilboardlar asılaraq, əhaliyə “Xocalı üçün” paylaşım edilməsi çağırışı edilib. Həmin bilboardlar mart ayının ilk on günlüyünə qədər İstanbul küçələrindən yığışdırılmayacaq.