Azərbaycanın Dostları Assosiasiyası Fransanın Konyak şəhərində Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar musiqili anım mərasimi keçirib. Mərasimin keçirilməsində şəhər rəhbərliyi yaxından iştirak edib.
Tədbirdə məşhur fransız bəstəkarı Pier Tilluanın (Pierre Thilloy) Xocalı soyqırımına həsr etdiyi "Xocalı 613" kompozisiyası, eləcə də Azərbaycan və xarici bəstəkarların klassik musiqiləri səsləndirilib.
Xatırladaq ki, 2014-cü ildən Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərləri qardaşlaşıb. Konyak şəhərinin meri Mişel Quranşas bu haqda danışıb, Konyak və Tovuz şəhərləri arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Daha sonra Azərbaycanın Dostları Assosiasiyasının sədri, Fransa Parlamentinin sabiq üzvü Jan-Fransua Mansel səmimi qonaqpərvərliyə görə Konyak şəhərinin merinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfirliyinin baş müşaviri Vaqif Ağayev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından danışıb, Xocalı soyqırımına dünya miqyasında hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini vurğulayıb.
“Xocalı 613" əsərinin müəllifi Pyer Tillua Fransada və digər Avropa ölkələrində artıq bir neçə dəfə ifa olunmuş bu əsərin yaranma tarixi barədə fikirlərini bölüşüb. O qeyd edib ki, Azərbaycanı yaxından tanıdıqdan sonra ölkəmizə sözün həqiqi mənasında heyran olub. Bəstəkar Azərbaycanın ən ağrılı yaralarından olan Xocalı soyqırımı haqqında məlumat aldıqdan sonra "Xocalı 613" əsərini bəstələdiyini və soyqırım qurbanlarının acılarını musiqinin dili ilə ifa etdiyini diqqətə çatdırıb. Konsertdə Brüssel Konservatoriyasının gənc azərbaycanlı solistləri, İngiltərədə yaşayan skripkaçı Səbinə Rakçiyeva və Fransada yaşayan nəfəs alətləri ifaçısı Səddam Novruzbəyov da iştirak edib.