“Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun təşkilatçılığı ilə Bişkek şəhəri Mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, Xocalı soyqırımını özündə əks etdirən, fondun sifarişi ilə tərcümə olunub nəşr edilmiş kitab sərgisi ilə tanış olublar. Daha sonra onlara “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası tərəfindən hazırlanan məlumatlar toplusu, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərinə tərcümə edilən “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, Qafar Əliyevin rus, qırğız və qazax dillərinə tərcümə edilən “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu”, AMEA müəlliflər qrupunun ərsəyə gətirdiyi rus və ingilis dillərində olan “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” kitabları təqdim edilib.
“Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun sifarişi ilə qırğız dilinə tərcümə olunub dublyaj edilmiş “Xoca” bədii filmi nümayiş olunduqdan sonra, fondun prezidenti Nüsrət Məmmədov Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.
N.Məmmədov qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adlı beynəlxalq təbliğat kampaniyası keçirilir. Kampaniya çərçivəsində 700 minə yaxın insan tərəfindən müsbət rəy toplanıb və ən əsası onun 150 minə yaxını yalnız bir internet səhifəsində qeydə alınıb. Heydər Əliyev Fondu Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirib. N.Məmmədov “Xocalıya ədalət!” adlı beynəlxalq təbliğat kampaniyasından kənar qalmadıqlarını bildirib, “Xoca” bədii filminin qırğız dilinə tərcümə olunub, dublyaj edilməsini fondun kampaniyaya töhfəsi kimi dəyərləndirib.
Filmin qırğız dilinə tərcüməçisi Mukan Asanaliyev gözyaşlarını saxlaya bilməyib. O bildirib ki, filmin tərcüməsini göz yaşları içərisində edib.
Daha sonra çıxş edənlər Xocalı soyqırımı və erməni təcavüzü barədə danışıb, ermənilərin işğalçılıq siyasətinin ancaq Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu bildiriblər.
Qeyd edək ki, “Xoca” filmi Bişkek şəhəri Mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinə daxil olan 28 kitabxanada eyni vaxtda nümayiş etdirilib.