Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Finlandiya Parlamenti və Xarici İşlər Nazirliyində görüşlər keçirilib. “Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti”nin rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Finlandiyadakı nümayəndəsi Təranə Nəzərovanın təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycan Respublikasının İsveçdəki səfirliyinin müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə də iştirak edib.
Finlandiya Parlamentinin deputatı, Azərbaycan-Finlandiya parlamentlərarası dostluq qrupunun sədri Eero Lehtiyə, deputat və jurnalist Antero Eerola, eləcə də qurumun beynəlxalq əlaqələr komitəsinin nümayəndələrinə Xocalıda günahsız insanlara qarşı törədilmiş cinayətləri əks etdirən foto, video va yazılı materiallar təqdim olunub, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb. Görüşdə Xocalı soyqırımının gələcəkdə Finlandiya Parlamentində gündəmə gətirilməsinin, ölkənin ali qanunverici orqanı tərəfindən faciəyə hüquqi qiymət verilməsinin mümkünlüyü barədə müzakirələr aparılıb.
Finlandiya Xarici İşlər Nazirliyində isə qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Departamentinin müdiri Maimo Henriksson, həmçinin Cənubi Qafqaz şöbəsinin rəhbəri Maks Hatvala ilə görüş keçirilib. XİN nümayəndələri ilə Azərbaycan-Finlandiya münasibətlərindən danışılıb və onlara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.