Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Vaşinqtonda Ermənistan səfirliyinin önündə etiraz aksiyası keçirilib.
Aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilər əllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında məlumatları əks etdirən plakatlar tutublar. Aksiya iştirakçıları ”Erməni terrorunu pisləyin!”, “Xocalı qətliamı təkrar edilə bilməz!”, “Ermənistan etnik təmizləmə aparmaqda günahkardır” və digər şüarlar səsləndiriblər.
Aksiyada əslən Xocalıdan olan, erməni vəhşiliklərini gözləri ilə görən insanlar da iştirak edib. Çıxış edənlər Xocalı şəhərində baş verənləri yaxın keçmişin ən böyük insanlıq faciəsi adlandıraraq erməni silahlı birləşmələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb ediblər.
İştirakçılar Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməklə bağlı çağırışlar da ediblər.