Mərasimdə Qırğızıstan hökumətinin təmsilçiləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan diasporunun üzvləri, ziyalılar, ictimaiyyətin və Qırğızıstan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarını “Xocalıya ədalət!” sözləri yazılmış geyimdə olan gənclər qarşılayıblar.
Əvvəlcə iştirakçılar Xocalı soyqırımını əks etdirən foto və kitab sərgisinə baxıb, onlara “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanan məlumatlar, müxtəlif dillərdə kitablar təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanan “Xocalıya ədalət!” sənədli filmi nümayiş olunub və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı soyqırımı barədə ətraflı məlumat verib, Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.
Bişkəkdə fəaliyyət göstərən “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev Xocalı faciəsini erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin davamı və etnik zəmində dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli hadisə kimi dəyərləndirib. Qeyd edilib ki, qətliam nəticəsində 613 dinc sakin, o cümlədən, 106 qadın, 63 uşaq ,70 qoca qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, 1275 azərbaycanlı isə əsir götürülüb.
Daha sonra çıxış edənlər Xocalı soyqırımı haqqında fikirlərini, təəssüratlarını bölüşüb, erməni təcavüzü barədə danışıb, ermənilərin işğalçılıq siyasətinin ancaq Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd ediblər.