Fevral ayının 26-da “Polşada Yaşayan Azərbaycanlılar Birliyi”-nin və “Azərbaycanın Gənc dostları Assossiasiyası”- nın təşkilatçılığı ilə Polşanın paytaxtı Varşava şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı aksiya keçirilib. Aksiya soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra, iştirakçılar Ermənistan səfirliyi qarşısına yürüş edib. Səfirlik önündə “Xocalıya ədalət”, “Soyqırıma biganə qalma”, “Dilqəm və Şahbaza azadlıq” və s. plakatlar ucaldılıb, şüarlar səsləndirilib. Eyni zamanda, Xocalı soyqırımı haqqında müxtəlif məlumat və şəkilləri özündə əks etdirən broşürlər və etiraz məktubu Ermənistan səfirliyinin poçt qutusuna atılıb.
Aksiya zamanı çıxış edənlər Xocalı hadisələri ilə bağlı, azərbaycanlılara qarşı soyqırım törədilməsinə dair məlumat veriblər. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və onu törədən şəxslərin beynəlxalq məhkəməyə verilməsi tələbi irəli sürülüb.
Daha sonra iştirakçılar üzərində Azərbaycan bayrağı yerləşdirilmiş avtomobillərlə şəhər mərkəzinə doğru yürüş edib. “Palace Kultury” mərkəzi meydanında yenidən Xocalı soyqırımına dair plakatlar qaldırılıb. İştirakçılar tərəfindən yerli və əcnəbi sakinlərə ingilis və polyak dillərində yüzlərlə məlumatlandırıcı broşürlər paylanıb.