İsveçrənin paytaxtı Bern şəhərinin mərkəzi “Kornhausplatz“ meydanında azərbaycanlılar etiraz aksiyası keçirib. “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan aksiyada soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əllərində Azərbaycan bayrağı dalğalandıran aksiya iştirakçıları “Xocalıya ədalət!”, “Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, “Biz torpaqlarımızın azad olunmasını tələb edirik” kimi şüarlar səsləndiriblər.
Meydanda qurulmuş sərgidə Xocalı faciəsini əks etdirən fotolar, “Xocalı uşaqların gözü ilə” mövzusunda çəkilən rəsmlər və dünyanın ən nüfuzlu mətbu orqanlarında qətliam barədə dərc olunan məqalələr nümayiş etdirilib.
Aksiya çərçivəsində, həmçinin qərb ölkələrində kədər rəmzi olan yüzlərlə sarı gül, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu broşürlərlə birgə yerli əhali və şəhərin qonaqlarına paylanılıb, eləcə də onlara Azərbaycan həqiqətləri ilə bağlı məlumat verilib.