Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Avropaya səfər çərçivəsndə 17-19 iyul 2018-ci il tarixlərdə Ukraynada bir sıra görüşlər keçiriblər. Səfər çərçivəsində nümayəndə heyəti Ukraynadakı Azərbaycan səfirliyində olmuş, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidənin önünə gül dəstəsi və əklil qoyulmuşdur. F.Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Kiyev şəhərinin mərkəzində M.Maqomayev adına parkın və abidənin açılış mərasimində iştirak etmiş, Ukraynada fəaliyyət göstərən diaspor nümayəndələri və azərbaycanlı gənclərlə görüşlər keçirmişdir. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi diaspor təşkilatlarının rəhbərləri ilə görüşən Komitə sədri Fuad Muradov diaspor hərəkatının daha da gücləndirilməsi, eyni zamanda Ukraynada yaşayan azərbaycanlıların daha çevik koordinasiya olunması baxımından təşkilatların birgə fəaliyyətinin zəruri olduğunu qeyd etdi. O cümlədən, Komitə sədri bundan sonra heç kəsə qarşı ayrı-seçkiliyin olmayacağı, Koordinasiya Şuralarının və həmsədrlik institutunun formalaşdırılacağı barədə diaspor nümayəndələrinə məlumat verdi.
Diaspor nümayəndələrinin iştirakı ilə davam etdirilən müzakirələr, ilk görüşdə nəticəsiz qalsa da, Komitə sədrinin təşəbbüsü və təkidləri ilə daha bir görüş təşkil edilərək birgə fəaliyyət istiqamətləri müzakirə olundu. Nəhayət, keçirilən gərgin interaktiv müzakirələr öz nəticəsini verdi, uzun müddətdən bəri ikiyə bölünmüş, aralarında ciddi fikir ayrılıqları olan diaspor nümayəndələrini öz ətrafında cəmləşdirmiş Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi birgə fəaliyyət barədə yekdilliklə qərar qəbul etdilər. Prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrup yaradıldı. Aktiv şəkildə fəaliyyətə başlayan işçi qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə bağlı razılığa gələrək Şuranın ilk iclasını keçirmişdir. Birgə fəaliyyətin zəruri olduğu vurğulanan iclasda təşkilatların daha geniş miqyasda fəaliyyətə başlayacaqları barədə də fikirlər səsləndirildi.
Beləliklə, Azərbaycan Respublikasınını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri azərbaycanlıların həmrəyliyi, birliyi, dövlətçilik, daha güclü diaspor hərəkatının formalaşdırılması və diaspordan lobbiçiliyə keçidin təmin olunması baxımından tarixi missiya ilə başa çatdı.