Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyi tərəfindən Den Haaq şəhərində anım mərasimi keçirilib. Xocalı soyqırımı abidəsinin qarşısında keçirilən anım mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Müsteşar Alper Yüksel, Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Xristian Birlik Partiyasından olan (CDA) millət vəkili Kris van Dam, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar və türklər iştirak edib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və şəhidlərin ruhuna dualar oxunması ilə başlayıb.
Tədbirdə sülhün təmin olunmasının vacibliyini vurğulayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Xocalı soyqırımını unutmamağın və soyqırım qurbanlarını daim xatırlamağın zəruri olduğunu bildirib.
Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın isə hər il Xocalı qətliamı qurbanlarını andıqlarını və soyqırımın Avropa Parlamenti tərəfindən tanınmasını tələb etdiklərini qeyd edib. Xocalıda qətliama səbəb olanların cəzasını çəkənə qədər mübarizəyə davam edəcəklərini vurğulayan İ.Aşkın bildirib: “Təəssüf ki, tam əksi baş verir. Bizi məhkəməyə verirlər, demək olar ki, ölkədən xaric etməyə çalışırlar. Biz hər cür sıxıntı və acıya razıyıq. Yetər ki, şəhidlərimiz anılsın və vətəndaşlarımızın o torpaqlara təkrar getmələri təmin olunsun.”
CDA millət vəkili Kris van Dam anım mərasimində çıxış edərək Xocalı soyqırımında yaşananların unudulmamasının vacibliyini və qətliamda yaşanan acıları paylaşdıqlarını dilə gətirib.