Qırğızıstanda fəaliyyət göstərən “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun təşkilatçılığı ilə Bişkek şəhər Mərkəzləşdirilmiş Kitabxanalar Şəbəkəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək. Mərkəzləşdirilmiş Şəbəkəyə daxil olan 28 kitabxanada eyni vaxtda fondun sifarişi ilə qırğız dilinə tərcümə və dublyaj edilmiş “Xoca” filmi nümayiş olunacaq. Tədbirdə Qırğızıstan azərbaycanlılarının əlaqələndirmə mərkəzinin prezidenti Cəbi Rəsulov, Azərbaycan Diasporlar Assosiasiyasının təmsilçisi Əsəd Əsədov, Türk diasporunun lideri Mürəfəddin Sakimov, ictimai-siyasi xadimlər, kitabxanaların oxucuları, alimlər və ziyalılar iştirak edəcəklər.
Bundan başqa tədbir iştirakçılarına akademik Ramiz Mehdiyevin "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu"nun sifarişi ilə rus və qırğız dillərinə tərcümə edilən “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, Qafar Əliyevin rus, qırğız və qazax dillərinə tərcümə edilən “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu”, AMEA müəlliflər qrupunun ərsəyə gətirdiyi rus və ingilis dillərində olan “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” kitabları hədiyyə ediləcək.
Qeyd edək ki, yuxarıda adları çəkilən kitablarda 26 fevral Xocalı soyqırımından bəhs edən geniş yazılar öz əksini tapıb.