Xarkovda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Ukraynanın Xarkov şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Anım mərasimində əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Ukraynada Maydan hərəkatı zamanı vəfat etmiş “Səmavi yüzlüy”ün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək, ərazi bütövlüyü məsələsinin bu gün həm Azərbaycan, həm də Ukrayna üçün aktual olduğunu vurğulayıb. Sonra Xocalı faciəsindən danışan Əfqan Salmanov “Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş ən qorxunc cinayətlərdən biridir və Azərbaycan xalqının prinsipial mövqeyi faciənin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır” - deyə bildirib.
Xocalı haqqında reallıqların dünyaya çatdırılmasında Heydər Əliyev Fondu tərəfindən görülən işlər, həyata keçirilən layihələr qeyd edilib. Bildirilib ki, uzun illərdir Fondun təşəbbüsü ilə əsas şüarı “Biz intiqam yox, ədalət istəyirik” tələbi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir.
Daha sonra Xocalı faciəsi haqqında tarixi arayış və hadisələrin canlı şahidləri haqqında çəkilmiş sənədli film nümayiş etdirilib.
Tədbirdə Xarkov Regional Şurasının sədri Serqey Çernov, Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Azər Xudiyev, Ukraynanın Dəmiryolu Nəqliyyatı Dövlət Universitetinin rektoru Serqey Pançenko, Qriqori Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetinin rektoru İvan Prokopenko, Xarkov şəhərinin diplomatik korpusunun, Azərbaycan diasporunun nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.