“Orenburq Azərbaycanlıları Milli Konqresi” Regional İctimai Təşkilatı Moskvada Azərbaycan və çeçen icmalarının nümayəndələri arasında baş vermiş insidentlə əlaqədar bəyanat yayaraq baş verənləri təxribat adlandırıb. Bəyanat müəllifləri hesab edir ki, təxribatçılar adi bir hadisəni millətlərarası münaqişəyə çevirməyə cəhd göstərir. Bütün bunlar Azərbaycan və çeçen xalqlarının dostluq, qardaşlıq münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
Bundan əlavə, "Orenburq Azərbaycanlıları Milli Konqresi" yaranmış vəziyyəti müzakirə etmək üçün fevralın 17-də Orenburqda azərbaycanlı və çeçen ağsaqqallarının görüşünü təşkil edib. Müzakirədə iştirak edən hər iki tərəfin nümayəndələri birmənalı olaraq hesab edir ki, bu hadisə Azərbaycan və çeçen xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinə zərbə vurmaq, münaqişəni millətlərarası qarşıdurmaya çevirmək istəyən maraqlı tərəflərin təxribatıdır. Görüşdə hər iki tərəfin nümayəndələri bildirib ki, biz Azərbaycan və çeçen xalqının tarixini, qardaşlığını, dostluğunu yüksək qiymətləndiririk. Görüş iştirakçıları belə xoşagəlməz hadisələrin gələcəkdə qarşısını almaq üçün Rusiyada yaşayan hər iki xalqın təmsilçilərini həmrəy olmağa çağırıb.