İsrailin Akko şəhərinin bələdiyyəsi, bu şəhərdəki Azərbaycan evi, Dağ Yəhudilərinin Koordinasiya Mərkəzi və “İctimaiyyət üçün beynəlxalq layihələr“ qeyri-hökumət təşkilatının dəstəyi ilə müasir Azərbaycanın tarixində ən dəhşətli, qanlı faciələrdən biri olan Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İsrailin siyasi və ictimai xadimlərinin iştirak etdiyi tədbirdə Xocalı soyqırımının qurbanları yad edilib. Tədbirdə çıxış edənlər Xocalıda törədilmiş soyqırımı aktının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu deyiblər. Bildirilib ki, dünya ictimaiyyəti erməni millətçilərinin işğal edilmiş ərazilərdə dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı barədə daha çox məlumatlandırılmalıdır.
Tədbirdə İsrail parlamentinin və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, Heydər Əliyev Fondunun təmsilçisi, İsraildəki siyasi partiyaların nümayəndələri və diplomatik nümayəndəliklərin İsraildə akkreditə olunmuş rəhbərləri iştirak ediblər.
Anım mərasimində Heydər Əliyev Fondunun hazırladığı fotosərgi nümayiş etdirilib.