Fevralın 22-də Ukraynada fəaliyyət göstərən ən böyük Azərbaycan diaspor təşkilatlarının ilk birgə layihəsi – “Böyüməyən uşaqlar” tamaşasının premyerası olacaq. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Kiyev Azərbaycanlıları Konqresinin əməkdaşlığı nəticəsində ərsəyə gələn tamaşa Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunub. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının eyni adlı kitabı əsasında hazırlanan əsər Ukraynanın “Çornıy kvadrat” teatrında səhnələşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Ukraynadakı Azərbaycan diasporunun birgə təşkilatçılığı ilə həyata keçirilən layihə Azərbaycan həqiqətlərinin tanıdıl-masına xidmət edir. Tamaşada yerli ictimaiyyətə Xocalı soyqırımı haqqında məlumat veriləcək. Əsərdə əsas qəhrəmanlardan biri hər iki valideynini Xocalıda itirmiş 25 uşaqdan biridir. O, Ukraynaya köçsə də, bəxtinə Ukrayna müharibəsinin də qurbanı olmaq düşüb. Bu baxımdan, səhnə əsərində Ukrayna hadisələri ilə bağlı məqamlar da yer alıb.
Qeyd edək ki, “Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunub. Kitab bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dillərinə tərcümə olunub və dünyanın bir çox ölkəsində təqdimatı keçirilib.
Kitabda Xocalıda hər iki valideynini itirmiş uşaqların yaşadığı dəhşətli hadisələr təsvir olunub.