Ukraynanın Lvov şəhərində “Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilib. Ukraynada ilk dəfə Xocalı soyqırımı tədbiri beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərinin iştirakı ilə baş tutub.
Seminar Azərbaycanın Ukraynadakı Səfirliyi, “Lvov Politexnik” Milli Universiteti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) gənclər təşkilatının, həmçinin UNESCO-nun nəzdindəki Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, Ukrayna Xarici İşlər Nazirliyinin Lvov üzrə nümayəndəsinin müavini Zinoviy Qoşovskıy, hərbçilər, ictimaiyyət nümayəndələri, diaspor təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Ehtiyatda olan general polkovnik İvan Ploxotnyuk ötən əsrin 90-cı illərində Azərbaycan ərazisində xidməti zamanı SSRİ rəhbərliyinə Ermənistanın işğalçılıq siyasətinə dair müraciəti haqqında məlumat verib. O, Ermənistanı insanlığa və bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib. Generalın ermənilərə qarşı sərt çıxışını dəstəkləyən iştirakçılar bununla bağlı geniş müzakirə aparıblar.
Xocalı soyqırımını artıq dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatların tanıdığını qeyd edən Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Elman Bağırov çıxışında Ermənistanın Azərbaycana qarşı tarixən apardığı soyqırımı siyasəti barədə məlumat verib.
Tədbirdə çıxış edən “Lvov Politexnik” Milli Universitetinin prorektoru Oleq Matviykiv, Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru Vasil Tarçineç, Xocalı soyqırımının şahidi, ukraynalı pilot, polkovnik Leonid Kravets, UNESCO-nun Ukrayna üzrə nümayəndəsi Kot Mixaylo, BUAK sədri Rövşən Tağıyev, təşkilatın Lvov şəhər təşkilatının rəhbəri Teymur Məmmədov, təşkilatın gənclər departamentinin rəhbəri Şəhriyar Məhərrəmov Xocalı soyqırımına dair faktlara toxunublar. Bildirilib ki, XX əsrin ən dəhşətli faciələrindən biri olan bu hadisənin günahkarları öz layiqli cəzasını almalıdır. Xocalı soyqırımı təkcə Azərbaycana qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı törədilib.