ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin ABŞ-dakı Səfirliyinin iştirakı ilə baş tutub.
Çikaqo şəhərinin ictimai xadimləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Pakistan, Hindistan və Moldova icmalarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin sədri Mehriban Məmmədova Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüb. Sonra Çikaqo şəhərində yaşayan azərbaycanlı gənc fəallar – Leyla Zarinebaf və Nəzrin Məmmədova soyqırımla bağlı təqdimat edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Təqdimat Çikaqo şəhərində yaşayan istedadlı gənc Araz Zarinebafın ud alətində "Sarı gəlin" mahnısının ifası ilə müşayiət edilib. Daha sonra Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası barədə danışıb. Türkiyənin Çikaqo şəhərindəki baş konsulu Umut Acar Xocalı faciəsi və erməni terrorçuları tərəfindən Türkiyə diplomatlarına qarşı törədilən cinayətlər barədə məlumat verib. "Orta Asiya Səmərəliliyi" tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski çıxışında Cənubi Qafqazdakı vəziyyət və Xocalı faciəsinin dəhşətləri barədə danışıb. Ukraynanın Çikaqo şəhərindəki vitse-konsulu Aleksandr Luşik Azərbaycan ərazilərinin bu günədək işğal altında qaldığını qeyd edib, bir ukraynalı kimi xalqımızın dərdinə şərik olduğunu bildirib.
Daha sonra Ukrayna Amerika Konqresinin Direktorlar Şurasının sədri Roman Yatskovski, Çikaqo şəhərində fəaliyyət göstərən Özbəkistan cəmiyyətinin sədri Serajuddin Nasafi çıxış edib. Çıxışlardan sonra Araz Zarinebaf ud alətində "Bayatı-Şiraz" muğamı və türk musiqisindən parçalar səsləndirib. Tədbir çərçivəsində "Xocalı faciəsi - qanlı yaddaş və anım" mövzusunda fotosərgi və seminar təşkil olunub.
Qeyd edək ki, ABŞ Senatında İllinoys ştatını təmsil edən Temmi Dakuors tərəfindən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanmış məktubda Xocalı faciəsi qurbanlarının xatirəsinin anılması ilə bağlı Mərkəzə minnətdarlıq ifadə edilib. Bundan başqa, Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar ABŞ Konqresinin üzvü Bobbi Raş tərəfindən rəsmi bəyanat verilib. Konqresmen bəyanatda Xocalı faciəsi qurbanlarının xatirəsinin ABŞ-da anılmasının dünya xalqları arasında anlaşmanı, əlaqələndirməni və dözümlülüyü daha da artıracağına əminliyini ifadə edib.