Rusiya Federasiyasının “Perm vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyatı” İctimai Birliyi Moskvada Azərbaycan və çeçen xalqlarının nümayəndələri arasında baş vermiş insidentlə əlaqədar bəyanat yayaraq, onları təmkinli olmağa, iki qardaş xalqın münasibətlərinə kölgə salmağa çalışan təxribatçı hərəkətlərə uymamağa çağırıb. Belə ki, bu məsələdə maraqlı olan bəzi xarici qüvvələrin təxribatları acı nəticələrə yol aça bilər.
Hər iki xalqın təmsilçilərini bu çətin günlərdə əvvəlkindən daha mehriban olmağa səsləyən İctmai Birliyin rəhbəri Çingiz İsayev bildirir ki, o, bu gün Permdəki Çeçen diasporunun rəhbəri ilə görüş keçirərək, baş verənlərin təxribat olması ilə bağlı müzakirə aparıb.
“Biz hesab edirik ki, Rusiya və Azərbaycanın çoxmillətli xalqı əsrlər boyu dostluq şəraitində yaşayıb, Azərbaycan və çeçen xalqlarını isə ümumi tarix və din faktoru birləşdirir. Azərbaycanlılar və çeçenlər nəinki dost, eyni zamanda, qardaş xalqlardı” – deyə Perm azərbaycanlılarının müraciətində bildirilir.