Mehriban Sadıqova: Azərbaycanlılarla çeçenlər arasında dostluq münasibətləri babalarımızın xatirəsinə hörmətdir

“AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin rəhbəri, Rusiya Federasiyasının Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Mehriban Sadıqova rusiyalılara müraciət edib.
O, öz müraciətində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin, onların tərəfdaşları və dostları adından Moskva regionunda, eləcə də internetdə azərbaycanlılarla çeçen icmasının nümayəndələri arasına nifaq salmağa yönəlmiş təxribat xarakterli hadisələrə görə narahatlığını bildirib: “Biz növbəti dəfə bir-birinə yaxın xalqların arasına nifaq salmağa yönəlmiş cəhdlərlə üzləşirik. Xalqlarımız arasındakı münasibətlərə və millətlərarası həmrəyliyə xələl gətirə biləcək bu hadisələr, eyni zamanda millətlərarası dostluq və birliyi ilə güclü olan Rusiyanı zəiflətmək məqsədi daşıyır”.
Daha sonra baş vermiş hadisənin günahkarlarının müvafiq qaydada hüquqi məsuliyyətə cəlb ediləcəyinə əminliyini bildirən Mehriban Sadıqova həmvətənlərimizə müraciət edərək öz şərhlərində təmkinli və dəqiq olmağa, onları təxribatlara uymamağa, digər xalqların nümayəndələrinin şərəf və ləyaqətini alçaltmamağa, Rusiya Federasiyasının qanunlarına riayət etməyə çağırıb.
Müraciətdə daha sonra deyilir ki, Azərbaycan və çeçen xalqları arasında əsrlərlə formalaşmış dostluq və qardaşlıq münasibətləri indiyə qədər qorunub. Bu münasibətlər və dostluq əlaqələri babalarımızın xatirəsinə hörmət olmaqla yanaşı, gələcək nəsillərimizin xoşbəxt gələcəyinin əsasıdır.
Müraciətin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://fnkaa.ru/17-mgnovenij-vyacheslava-tixonova/