Yunanıstanın Saloniki Dövlət Konservatoriyasında Azərbaycanın milli musiqi alətlərinin - tar, kamança və qavalın təqdimatı keçirilib. Tədbirdə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov və baş katib Salatın Məmmədli iştirak edib.
Konservatoriyanın rektoru Lola Totsiou tədbirə qatılan tələbə və qonaqları salamlayaraq, “QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədova əməkdaşlıq üçün öz təşəkkürünü bildirib. Ali məktəb müəllimi Dimitris İoannou Azərbaycanın milli musiqi alətləri və muğamı barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra konservatoriyanın zalında Azərbaycan muğamı səsləndirilib.
Cəmiyyətin baş katibi Salatın Məmmədli konservatoriyanın rektoru Lola Totsiou və tədbir iştirakçılarına "QALA" Cəmiyyəti adından minnətdarlığını bildirərək, gələcəkdə belə tədbirlərin tez-tez keçirilməsininin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, milli musiqi alətlərimiz bu ilin iyul ayına qədər Saloniki Dövlət Konservatoriyasının muzeyində sərgilənəcək.