İsveç Azərbaycan Təşkilatının (SAF) təşəbbüsü ilə Stokholmda azərbaycanlı yazıçı, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricilərindən biri Eluca Atalının “Nalşəkilli mühasirə” kitabının təqdimatı keçirilib. Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən bəhs edən kitabın təqdimatında Azərbaycan diasporunun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar, jurnalistlər, eləcə də Eluca Atalının Türkiyə, Özbəkistan, İsveç, Keniya, Qvineya, Hindistan, Çili, Argentinadan olan oxucuları iştirak edib.
SAF-ın sədri Sevda Dadaşova müəllif haqqında qısa məlumat verdikdən sonra Eluca Atalı kitabın adı, mövzusu, yazılma səbəbləri barədə danışıb. Kitabın məsləhətçisi, əsərdə hadisələrin cərəyan etdiyi məşhur Zabux dərəsində böyümüş Füzuli Ağayev Laçının strateji əhəmiyyətindən və əsərdə adı çəkilən Sultan bəy haqqında yaşlı nəsildən eşitdiyi xatirələrini bölüşüb. Daha sonra çıxış edənlər əsərin məzmunu və əhəmiyyəti barədə fikirlərini bildirib.
Eluca Atalının oxucuları Maqdalena Kofe Consson, Nişa Saran, Manuel Santibanez müəllifin ingilis dilində çıxmış “Yad dildə azadlıq nəğmələri" (2018, ABŞ) və “Heykəllər niyə danışmır?" (2018, ABŞ) kitabları ilə bağlı müzakirələr aparıb, əsərlərdən bəzi hissələri səsləndiriblər. Oxucular Eluca Atalının hər bir əsərinin onlarda dərin izlər buraxdığını vurğulayıblar.
Qeyd edək ki, hazırda İsveçdə yaşayıb aktiv diaspor fəaliyyəti, bədii yaradıcılıq və jurnalistika ilə məşğul olan Eluca Atalının 100-dən artıq əsəri müxtəlif dillərə tərcümə olunub.