Ukraynanın Nikolayev şəhərində yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Umud və Sabir Şirinov qardaşları bu gün Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub.
Göstərdikləri qəhrəmanlığa görə Dövlət Komitəsinin sədri Fuad Muradovun və kollektivin adından qardaşları təbrik edən DİDK-nin sədrinin birinci müavini Valeh Hacıyev bu şücaətin bütün Azərbaycan xalqı adına yazıldığını vurğulayıb. Bildirib ki, bu hadisə xalqımızın cəsarətli, mübariz və dürüst xalq olduğunu bir daha sübut etdi. Göstərilən qəhrəmanlığa görə artıq Ukraynada bir sıra mükafatlar alan Şirinovlar üçün ən böyük təltif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalına layiq görülmələridir. Bildirilib ki, bu, dövlət başçısının hər bir azərbaycanlının Prezidenti olduğunu, soydaşlarımızın arxasında güclü Azərbaycan dövlətinin dayandığını göstərir.
Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkür edən Şirinov qardaşları hadisə ilə bağlı təəssüratlarını bölüşüblər. Umud Şirinov qeyd edib ki, avtomobildəkilərin kimliyini düşünmədən, məhz insanlıq naminə bu addımı atıblar.
Ukraynada böyük rezonans doğuran və rəğbətlə qarşılanan Şirinov qardaşlarının qəhrəmanlığı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən də mükafatlandırılıb, onlara Fəxri diplomlar təqdim olunub.