Norveçin Orkanger şəhərində fəaliyyət göstərən “Bizim səs” Azərbaycan diaspor təşkilatı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yerli sakinlər üçün “Azərbaycan günü” adlı tədbir təşkil edib. Əsasən, norveçlilərin qatıldığı tədbirdə qonaqlara ölkəmiz haqqında məlumat verilib, onun tarixi, mədəniyyəti, musiqisi, turizm imkanları, Qarabağ həqiqətləri barədə geniş bəhs olunub. Bundan sonra, qonaqlar arasında ölkəmizlə bağlı viktorina keçirilib.
Daha sonra “Bizim səs” diaspor təşkilatının rəhbəri, Norveçdə eyni zamanda, aşpaz kimi fəaliyyət göstərən Hüseyn Məmmədov iştirakçıları özünün hazırladığı təamlara qonaq edib. Norveçlilər Azərbaycan milli mətbəxinin nümunələri olan dolma, şah plov, kükü, küftə, ləvəngi və digər yeməklərimizin dadına baxıblar.
Gün ərzində davam edən tədbirin sonunda norveçlilər Azərbaycana səfər etmək arzusunda olduqlarını bildiriblər, müəyyən layihələr daxilində bunu gerçəkləşdirmək istədiklərini dilə gətiriblər.
Qeyd edək ki, “Bizim səs” Azərbaycan diaspor təşkilatı Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasında təmsil olunur.