Benilüks Azərbaycanlıları Konqresi (BAK) Avropa Parlamentinin ikili standartlara əsaslanan münasibətinə etiraz olaraq müraciət qəbul edib. Müraciətdə dəqiqləşdirilməmiş, doğru olmayan informasiyalar əsasında Azərbaycan haqqında qətnamə qəbul edən beynəlxalq təşkilatların erməni siyasi məhbusun həbsxanada acından ölməsi faktı ilə bağlı “dözümlü” davranması ikili yanaşma kimi qiymətləndirilir. Deyilir ki, Ermənistanda erməni siyasi xadim, media nümayəndəsi Mqer Yeqizaryanın saxlanıldığı “Nubaraşen” həbsxanasında 44 günlük aclıq aksiyası keçirdikdən sonra həyatını itirməsi haqda bir sıra nüfuzlu xarici media orqanları, o cümlədən “The Washington Post” qəzeti yazıb.
Müraciət müəllifləri xatırladır ki, siyasi məhbusun ailəsi onun ölümündə ölkənin Baş naziri və parlamentin bir qrup deputatını günahlandırıb.
Müraciətdə özlərinə qarşı belə qəddar münasibət göstərən ermənilərin azərbaycanlı girovlar Dilqəm və Şahbaza humanist yanaşmasının mümkünsüzlüyü Azərbaycan haqqında qərəzli bəyanatlar, qətnamələr qəbul edən Avropa Parlamenti üzvlərinin diqqətinə çatdırılır.
Həmçinin vurğulanır ki, ermənilər öz siyasi ambisiyalarını vətəndaşlarının həyatından üstün tutur, hətta insanın acından ölməsi belə onları çəkindirmir. Məhz, belə ambisiyalı erməni siyasətçilərin “sayəsində” Dağlıq Qarabağda müharibənin yenidən alovlanmasının labüdlüyü qeyd edilir.
Qeyd edək ki, müraciət Avropa Parlamentinin 750 deputatının email ünvanına göndərilib.