Almaniyanın Bonn səhərində Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən “Azərbaycan günü” adlı tədbir təşkil edilib. Əsasən almanların iştirak etdiyi tədbirin məqsədi Azərbaycan tarixini və mədəniyyətini onlara daha yaxından tanıtmaq olub.
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva iki ölkə arasındakı münasibətlərin tarixindən və bu günündən danışıb, Azərbaycanın dövlətçilik ənənələri barədə iştirakçılara məlumat verib. Çıxış zamanı xalqımızın azadlıq mübarizəsindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və süqutundan, 70 il sonra müstəqilliyin bərpasında 20 Yanvar hadisələrinin əhəmiyyətindən bəhs olunub. 20 Yanvar hadisələrini tariximizin acı, eyni zamanda, şanlı səhifələrindən biri kimi xalqımızın daim qürurla anması diqqətə çatdırılıb.
Tədbirdə həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında məlumat verilib. Soyqırımın Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğu vurğulanıb. Erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığı bildirilib. Faciə qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı qonaqların diqqətinə çatdırılıb.
Daha sonra mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı haqqında da geniş danışılıb. Almaniyada Xocalı faciəsi və Novruz bayramı ilə də bağlı belə görüşlərin keçirələcəyi bildirilib.
Gecədə iştirak edən alman musiqiçilər şəhidlərimizin xatirəsinə həsr olunan musiqi parçaları səsləndiriblər.