Gəncə şəhərində törədilən qanlı hadisələr Azərbaycanın inkişafını və qüdrətlənməsini qəbul etmək istəməyən düşmən qüvvələrin əməlidir. Bu ağır hadisələr Azərbaycan dövlətinə qarşı qəsd cəhdidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə yaşayan və çalışan azərbaycanlı professor Aygün Əttar söyləyib.
Azərbaycandakı sabitlik və inkişafın ölkəmizdən kənarda yaşayan hər bir azərbaycanlı tərəfindən iftixar yeri olduğunu bildirən professor Aygün Əttar qeyd edib ki, Azərbaycanın uğurla həyata keçirdiyi beynəlxalq iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP bir sıra qüvvələri ciddi narahat etməyə başlayıb. Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri xalqımızın Prezident İlham Əliyevə olan etimadını bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakıda keçirilən möhtəşəm parad düşmənə göz dağı verdi. Bütün bu nailiyyətlər, əlbəttə, bizi istəməyən düşmən qüvvələri hiddətləndirir.
Aygün Əttar deyib: “Azərbaycan xalqı heç bir halda bu cür terror aktlarını, qətl və sui-qəsd hallarını sakit qəbul edə bilməz. Ölkə ictimaiyyəti kimi biz xaricdə yaşayan azərbaycanlılar da törədilən cinayətlərə kəskin etiraz səsimizi ucaldırıq. Əminik ki, vətəndaşlarımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək bu cür xoşagəlməz hadisələrin dəf olunmasına, bir daha təkrar edilməməsinə əlavə güc verəcək”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul