İsrailin nüfuzlu "The Jerusalem Post" qəzeti "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun məqaləsini dərc edib. “İsraillə Azərbaycan öz strateji tərəfdaşlığını möhkəmləndirir və genişləndirir” sərlövhəli məqalədə bildirilir: “Hazırda İsrail dövləti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq və əməkdaşlıq münasibətləri dünyanın əksər ölkələri üçün ideal modeldir. Bu ölkələr və onların xalqları ən çətin vaxtlarda bir-birinin yanında olub və mühüm məsələlərdə həmişə bir-birini dəstəkləyib. Bu möhkəm əlaqələrin əsas səbəblərindən biri insan amilidir – azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədimdən mövcud olan sıx qardaşlıq və dostluq münasibətləri”.
Qutun fikrincə, bu danılmaz bir tarixi faktdır ki, Avrasiyada heç bir başqa ölkənin İsrail ilə əlaqələri İsrail-Azərbaycan əlaqələrindən daha sıx və ya səmimi deyil. İsrailli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “İki ölkə arasında münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi ölkədir. Azərbaycan İsrail üçün həmişə cəlbedicidir. Özü də təkcə ona görə yox ki, bu ölkədə antisemitizm yoxdur və heç vaxt olmayıb, həm də ona görə ki, rəsmi Bakı dünyada antisemitizm təzahürlərini dəfələrlə pisləyib. İsrail ilə Azərbaycan arasında iqtisadi, siyasi və strateji əlaqələrin daim genişlənməsini nəzərə alsaq, bu qarşılıqlı cazibə xüsusilə aktuallaşır”.