Monteneqro mətbuatında “Qanlı Yanvar” hadisələri ilə bağlı məqalə dərc olunub

Monteneqronun “volimpodgoricu.me” və “dijaspora.news” xəbər portallarında Azərbaycan - Monteneqro İqtisadi və Mədəni Mərkəzinin üzvü, jurnalist Branka Peyoviçin müəllifliyi ilə “Azərbaycan “Qanlı Yanvar” faciəsinin 29-cu ildönümünü qeyd edir. Unudulmayan ağrı və kədər” başlıqlı məqalə yayımlayıb.
Məqalədə 20 Yanvar faciəsinin başvermə səbəblərindən, keçmiş Sovet ordusunun vəhşiliklərindən, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən, qəhrəmanlığından bəhs edilib. Faciənin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxan xalqın iradəsini qırıb, milli mənliyini məhv etmək məqsədilə törədilmiş qanlı terror aktı və insanlıq tarixinin qara səhifələrindən biri olduğu vurğulanıb.
Qeyd olunub ki, həmin gecə sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Nəticədə 147 nəfər vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan itkin düşüb və yaralanıb. Öldürülənlərin içərisində yaşlı, qadın və uşaqlar da olub.
Bütün bu vəhşiliklərlə Sovet hakimiyyətinin öz məqsədinə çata bilməməsi, mübarizə ruhunu sındırmağa nail ola bilməməsi və hadisənin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq səlnaməsi olduğu da xüsusi vurğulanıb. Xalqın bu böyük faciədən daha güclü və ləyaqətlə çıxdığı, haqqı olan azadlığına və müstəqilliyinə qovuşduğu, Azərbaycan xalqının öz şəhidlərini unutmadığı və hər il milyonlarla insanın Şəhidlər Xiyabanını ziyarət etdiyi qeyd olunub.
Məqalənin tam mətni ilə aşağıdakı linklərdə tanış olmaq mümkündür.