Özbəkistanın paytaxtı Daşkənddə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. Şəhidlərin ruhu ehtiramla yad edildikdən sonra, tədbirdə çıxış edən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov həmin gecə keçmiş sovet ordusunun əsgərləri tərəfindən Bakı küçələrində törədilən vəhşiliklər haqqında məlumat verib. Qeyd edib ki, xalqımız 20 Yanvar faciəsini heç vaxt unutmayacaq. Həmin gün mərd oğul və qızlarımız şəhid olsalar da, xalqımız daha da mətinləşdi, onun mübarizə əzmi daha da möhkəmləndi.
Sonra çıxış edən soydaşlarımız 20 Yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşüb və faciədən bir gün sonra ulu öndər Heydər Əliyevin Moskvada mətbuat konfransı keçirərək hadisələrə kəskin etiraz etdiyini bildiriblər. Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin birinci katibi İlyas Məmmədov da iştirak edib.