Almaniyanın Bad Honnef şəhərində Azərbaycanla bağlı tədbir keçirilib. Tədbirdə yeni televiziya layihəsinin təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Emil Həsənov əvvəlcə cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verib, Azərbaycan Respublikası ilə Almaniya arasında ikitərəfli əlaqələrin inkişafından danışıb. Daha sonra E.Həsənov yeni layihə -" Echte Show" TV layihəsini mərasim iştirakçılarına təqdim edib. Bildirilib ki, bundan sonra internet üzərindən ayda 1 dəfə alman dilində Azərbaycana həsr olunan televiziya verilişi yayımlanacaq. Qeyd edilib ki, veriliş təcrübəli jurnalistlər tərəfindən hazırlanıb təqdim olunur. İlk proqramda Azərbaycanın milli mətbəxi nümayiş olunub və milli musiqilərimiz səslənib, bir azərbaycanlı ailə ilə bağlı hüquqi-sosial xarakterli müzakirə aparılıb. Sonda layihə müəlliflərinə Alman-Azərbaycan Dostluq Cəmiyyətinin mükafatı təqdim olunub.
Televiziya layihəsinin yaradılmasında məqsəd Almaniyada Azərbaycanı media üzərindən cəmiyyətə təqdim etmək və soydaşlarımızın KİV-lə əlaqələrini möhkəmləndirməkdir.