Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzinin (TÜRKSAM) internet saytında “Sistem dəyişdi, ənənə dəyişmədi! Ərdoğanın ilk səfəri: Azərbaycan” sərlövhəli məqalə dərc olunub. TÜRKSAM-ın Baş Katibi Ahmet Gengehan Babişin qələmə aldığı məqalədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 10-da ölkəmizə rəsmi səfərinə toxunulub. Məqalədə iki qardaş ölkənin iştirakı ilə həyata keçirilən iri enerji layihələri, müdafiə sənayesi sahəsində əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak, qondarma soyqırımı yalanlarına, Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarına qarşı Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti və digər istiqamətlərdəki uğurlu əməkdaşlıq əlaqələrinə toxunulub.
Müəllif, iyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərində qalib gələn R.T.Ərdoğanın ölkəmizə səfərini Türkiyədə hadisə kimi qiymətləndirib.
A.G.Babiş eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ərdoğanın görüşü zamanı dünya ictimaiyyətinə verilən qardaşlıq mesajlarının əhəmiyyətini qeyd edərək, Türkiyədə idarəetmə sisteminin dəyişməsinə baxmayaraq, ənənələrin dəyişmədiyini qeyd edib. Ölkəmizdə aprelin 11-də keçirilmiş prezident seçkilərindənb sonra cənab İlham Əliyevin ilk xarici səfərini də qardaş Türkiyəyə etdiyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni hökümətin tərkibi ilə bağlı imzaladığı sonuncu Sərəncamla Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilən Fuad Muradovun da Dövlət Komitəsinin sədri kimi, ilk xarici səfərini Türkiyəyə etməsi, Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Yalçın Topçu ilə, Türkiyə Böyük Millət Məclisində, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində (TİKA), Türkiyədə yaşayan və fəaliyyət göstərən soydaşlarımızla, Türkiyənin bir sıra ali təhsil müəssislərində təhsil alan tələbələr, Azərbaycan icma və birliklərlərin, diaspor təşkilatlarının rəhbərləri ilə keçiridiyi görüşlərdən danışılıb. Məqalədə F.Muradovun həmin səfərinin Azərbaycan və Türk diaspor təşkilatları arasındakı mövcud potensialın daha da artırılmasına, onların birgə fəaliyyət göstərmələrinə, vahid diaspor hərəkatının formalaşmasına təkan verilməsi baxımından vacibliyi vurğulanıb.
Son günlər, Türkiyə mətbuatında Azərbaycanla bağlı məsələləri, xüsusilə Gəncə şəhərində iki polis zabitinin qətlə yetirilməsini şərh edən Gencehan Babiş, ölkədə xaus, anarxiya, qarşıdurma yaratmaq istəyən qüvvələrin iflasa uğrayacağı və bu gür hadisələri şiddətlə qınadığı qeyd edib. A.G.Babiş “Şübhəsiz ki, qətlin icraçıları hüquq qarşısında cavab verərək, layiqli cəzalarını alacaqlar. Azərbaycanda qarşıdurma yaratmaq istəyən radikal qruplara qarşı Azərbaycan xalqı daha da həmrəy olacaq və bu kimi kənar qüvvələr tamamilə məğlub olacaq". "Azərbaycanın sabitliyinə qarşı bu cür cəhdlər məqsədinə çatmayaq, Azərbaycan inkişaf edəcək, yüksələcək " deyə qeyd edib.