Diasporla İş üzə Dövlət Komitəsində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüş keçirilib.
Dövlət Komitəsinin sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Komitə sədri Azərbaycan dövlətinin Körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirib. Eyni zamanda, Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı mövqeyinin, ölkəmizi beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Daha sonra Səudiyyə Ərəbistanında təhsil alan azərbaycanlı tələbələrin, tibb sahəsində çalışan mütəxəssislərin olduğunu diqqətə çatdırıb.
Qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirən səfir ölkələrimiz arasında iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib. Səfir Səudiyyə Ərəbistanının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini həm xalqının, həm də dövlətinin bu məsələyə olan ədalətli münasibətinin göstəricisi olduğunu vurğulayıb. Həmçinin, gələcəkdə iki ölkə arasında dostluq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.