İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 Yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, 20 yanvara həsr olunan fotoşəkillər və plakatlar nümayiş olunub. Azərbaycan mədəniyyət evinin direktoru Yeganə Salman və Azİz təşkilatının Qüds şəhərindəki rəhbəri Aleksandr Aqranovkiy tədbirdə cıxış edərək azərbaycanlılara qarşı törədilmiş müsibətlərdən bəhs ediblər.
Çıxış edənlər hər zaman Azərbaycanın yanında olduqlarını və 1990-cı ilin yanvar hadisələrini daim xatırladıqlarını diqqətə çatdırıblar. Yüzlərlə insanın ölümü və yaralanması ilə müşayiət olunan bu hadisə Azərbaycan tarixinin qanlı səhifəsi, həmçinin müstəqillik uğrunda qəhrəmanlıq dastanıdır. Anım tədbirində 20 Yanvar gününün Azərbaycanda "Ümumxalq hüzn günü" kimi qeyd olunmasından da danışılıb və o gecənin qurbanları arasında yəhudilərin də olduğu bir daha diqqətə çatdırılıb. Bildirilib ki, Qara Yanvar hadisələrində 22 yara alan Yan Meyeroviç, 17 yaşlı gənc Vera Besantina və insanları xilas etməyə çalışan həkim Aleksandr Marhevkanın xatirəsi heç zaman unudulmayacaq.