Yanvar ayının 15-də Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Fransanın Lion şəhərinin ən mötəbər konsert zallarından olan Le Palais Bondi Sarayında Azərbaycan muğam triosunun konserti keçirilib. Konsert Azərbaycanda ilk dəfə olaraq qadınlara seçmə, seçilmə hüququnun verilməsinin 100 illiyinə həsr olunub. Konsertdə Əməkdar artistlər Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ustalıqla ifa edib.
Tədbiri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova açaraq Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayevə zəngin Azərbaycan mədəniyyətinin Fransa regionlarında təbliğ olunmasındakı dəstəyinə görə təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfirliyini təmsil edən Vaqif Ağayev çıxış edib. O, Azərbaycan mədəniyyətinin qorunmasında və dünyada tanınmasında Heydər Əliyev Fondunun müstəsna fəaliyyətindən danışaraq muğam sənəti barədə məlumat verib, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Muğam müsabiqəsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə diplomatik korpusun nümayəndələri, soydaşlarımız, Lion sakinləri və Fransa ictimaiyyətinin tanınmış simaları iştirak edib.
Tədbirin sonunda Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova çıxış edərək hər kəsə tədbirdə iştirakı üçün minnətdarlığını bildirib və Lion şəhərinin belə bir mötəbər zalında Azərbaycan muğamının səslənməsindən qürur duyduğunu bildirdi.