Gəncədə baş verən hadisələr Azərbaycana qarşı təxribatdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib.
Bilal Dündar qeyd edib ki, region üçün mühüm olan iqtisadi layihələrə imza atan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır, ölkə iqtisadiyyatı inkişaf edir. Bunu istəməyən qüvvələr Azərbaycanda sabitliyin pozulması üçün istənilən yollara əl atırlar.
Federasiya sədri iki il əvvəl iyulun 15-də Türkiyənin də belə bir təxribatla üzləşdiyini xatırladıb. O əlavə edib ki, terrorla Türkiyəni sarsıtmaq istəyən daxili və xarici düşmənlər eyni ssenarini Azərbaycanın üzərində də reallaşdırmağa çalışdılar. Gəncə Şəhər İcra hakimiyyətinin başçısına qarşı törədilən terror aktından sonra elə bu şəhərdə təxribatçı fəaliyyətə başlanıldı. Xaricdə fəaliyyət göstərən müəyyən qüvvələr inkişaf edən türk dünyasına qarşı dayanmadan terror və təxribat hadisələri törədirlər. Ancaq istər Azərbaycanın, istərsə də Türkiyənin başına gətirilən bu hadisələr xalqın birliyi, həmrəyliyi nəticəsində aradan qaldırılır. Xarici və daxili düşmənlərə qarşı mübarizə aparmaq üçün, ilk növbədə, xalq-iqtidar birliyi çox önəmlidir. Azərbaycana qarşı təxribat da məhz bu birliyə görə puç oldu.
Bilal Dündar qardaş Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.