Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Misir mətbuatında geniş işıqlandırılıb

Misirin "elfagr.com, shbabalnil.com, asiaelyoum.com, embassy-news.com, wwnewss.com, elwatanelmasry.com, m.ahwalelbald.com" və.s saytlarında “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Qara Yanvarda Azərbaycanın azadlığı uğrunda qurbanlar” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə müəllif 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verir. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.
Məqalədə vurğulanır ki, iyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub.
Diaspor rəhbəri Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasətinin misirli alim Şeyx Məhəmməd əl-Ğəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında da öz əksini tapdığını bildirir.
Məqalədə 20 Yanvar hadisəsi ərəfəsində Misirli millət vəkilləri və mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi qətiyyətlə pisləməsini xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu da qeyd edib.
Məqalənin sonunda qeyd edilir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.