ABŞ-ın İllinois ştatının Çikaqo şəhərinin meri Rahm Emanuel 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bəyannamə qəbul edib. ABŞ-da yaşayan, habelə bütün dünya azərbaycanlılarına ünvanlanmış bəyannamədə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin Qafqazın əsas iqtisadi güc mənbəyinə çevrildiyi, regionda sülh, sabitlik, dözümlülük, multikulturalizm, müxtəlif etnik mənsubiyyətlər arasında dialoqu təşviq etdiyi vurğulanır.
Sənəddə bildirilir ki, Həmrəylik Günü Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən bütün dünyada yaşayan azərbaycanlıların mənəvi birliyi günü kimi elan edilib.
Dünyada 50 milyon azərbaycanlının yaşadığı qeyd olunan müraciətdə ölkəmizin ABŞ-ın müttəfiqi və tərəfdaşı olması, Çikaqoda yaşayan Azərbaycan icmasının bu şəhərin müxtəliflik, mədəniyyətlərarası anlaşma və rifahına töhfə verməsi alqışlanır, 2015-ci ildə bu icma tərəfindən yaradılan ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin ABŞ-Azərbaycan münasibətlərinin güclənməsinə xidmət etməsi təqdir olunur.
Çikaqo meri bütün çikaqoluları Azərbaycanlıların Həmrəylik Günü və mədəniyyətlərarası əlaqələri qeyd etmək üçün Azərbaycan icmasına qoşulmağa dəvət edir.
Xatırladaq ki, Çikaqo meri tərəfindən sözügedən bəyannamə ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinə təqdim edilib.