Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə həmvətənlərimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib. Azərbaycan Respublikasının Haaqa şəhərində yerləşən səfirliyində baş tutan tədbirdə 60 nəfərə yaxın soydaşımız iştirak edib. Azərbaycanın Dövlət Himninin oxunmasının ardınca Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev soydaşlarımızı salamlayaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə onları təbrik edib. Bildirib ki, Niderland Krallığında 14 minə yaxın azərbaycanlı yaşayır və onlar vətəndən uzaqda öz ailələrində milli dəyərlərimizi, əxlaqımızı, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub saxlayır, övladlarına ötürürlər. Bunun, məhz azərbaycançılıq ideologiyasının bəhrəsi olduğunu vurğulayan səfir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ideologiyanın Azərbaycanda və xaricdə bütün soydaşlarımızı birləşdirdiyini qeyd edib. Səfir daha sonra soydaşlarımızı bir araya toplamaqla bayram tədbirini təşkil edən Koordinasiyası Şurasına təşəkkür edib.
Tədbirdə azərbaycançılıq ideologiyası, Azərbaycan dövlətinin diaspor siyasəti və bu siyasəti həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib. Daha sonra Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva yeni yaradılmış Şura haqqında məlumat verərək bildirib ki, Koordinasiya Şurası pərakəndə fəaliyyət göstərən diaspor təşkilatlarının daha geniş miqyaslı və vətənin milli, mənəvi, siyasi maraqlarını təmsil edən daha uğurlu layihələr həyata keçirməsini təmin etmək məqsədilə yaradılmış qurumdur. O, gələcəkdə Şurada birləşən təşkilatların sayının artacağına və daha böyük, uğurlu layihələrə imza atılacağına inandığını deyib və bütün soydaşlarımızı təbrik edib.
Şuranın digər əlaqələndiricisi “EvroAzNl” təşkilatının rəhbəri Emil Əliyev də çıxış edərək soydaşlarımızın həmrəylik gününü təbrik edib, qarşıdan gələn yeni ildə uğurlar arzulayıb.
Tədbirin sonunda Koordinasiya Şurasının üzvü, “Odlar Yurdu” Niderland Azərbaycan Cəmiyyətinin rəhbəri, bəstəkar-müğənni Firəngiz Bağırova pianoçu Səbinə Axundovanın müşayiəti ilə Azərbaycan bəstəkarlarının musiqilərini ifa edib.