Dekabr ayının 24-də dövlət qulluqçuları və Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İlə həsr olunmuş futbol matçı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ilə ilk dəfə keçirilən yoldaşlıq oyunu “ASK Arena” stadionunda baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 6:6 hesabı ilə başa çatıb.
Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatlarından ibarət olan komandanın heyətindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və digərləri qol vurublar.
Jurnalistlərdən ibarət komandadan isə Anar Kəlbiyev, Aqil Aslan, Tural Məmmədli və Nurani İsgəndərov rəqib komandanın qapısına yol tapa bilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov oyundan sonra jurnalistlərə bildirib ki, ölkəmizdə hər zaman idmana yüksək diqqət və qayğı olub. İdman sağlamlıqdır, idman gələcəkdir. Milli Məclisin Gənclər və İdman Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Parlament Jurnalistləri Birliyinin, “Neftçi” veteranlar klubunun nümayəndələri, jurnalistlər bu gün bura yığışmışık ki, bir dostluq görüşü həyata keçirək. Biz çox şadıq ki, bizim jurnalistlərimiz, veteranlarımız, dövlət qulluqçularımız, Diaspor Komitəsinin də bütün tərkibi burda iştirak edir. Bu gün - 24 dekabr ölkə başçısı cənab İlham Əliyevin ad günüdür. Son 20 ilə yaxın, xüsusilə də son 15 ildə həyata keçirilən islahatlar birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qabaqdan bizim böyük uğurlarımız gəlir.
Komitə sədri bildirib ki, yaxın zamanlarda möhtərəm cənab Prezidentin başçılığı altında belə oyunları Şuşada, Laçında, Kəlbəcərdə, Dağlıq Qarabağda həyata keçirəcəyik.