İsveçrədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə İsveçrənin paytaxtı Bern şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbiri ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova açaraq bu bayramın əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.
Daha sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətinə toxunan səfir, bu tarixin Azərbaycanlıların milli birliyinin formalaşmasının başlanğıcı və bu birliyin simvolik günü olduğunu söyləyib. Səfir X.İbrahimova azərbaycanlıları Bern şəhərində bu ilin avqust ayından fəaliyyət göstərən, Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyinin birgə layihəsi kimi, yerli ölkənin təhsil sisteminə inteqrasiya olunmuş nadir Azərbaycan məktəblərindən olan “Qarabağ” məktəbinin fəaliyyətini dəstəkləməyə, eləcə də ümumilli məqsədlər naminə bütün fikir ayrılıqlarını kənara qoyaraq vahid qüvvə kimi çalışmağa çağırıb.
“İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin rəhbəri, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndricisi Qasım Nəsirov “Qarabağ məktəbi”nin fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb, qonaqları məktəbin tanıtımı məqsədilə təşkil olunacaq seminarda iştiraka dəvət edib.
Tədbirdə Ehtiram Hüseynov və Günay İmamverdiyevanın ifasında Azərbaycan muğam musiqisinin inciləri səsləndirilib.