Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar İtaliyanın Bolonya Universitetində elmi konfrans keçirilib. “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının universitetin “Amilkar Cabrail” mərkəzi elmi kitabxanadasında təşkil etdiyi tədbirdə Boloniya universitetinin professor-müəllim və tələbə heyəti, şəhər meriyasının nümayəndələri, burada təhsil alan azərbaycanlı gənclər və digər qonaqlar iştirak edib.
Tədbirin aparıcısı, incəsənət xadimi Davide Gualtieri Azərbaycan Xalq Cümhuriyyəti, Qarabağın tarixi, mədəniyyəti, işğal faktı, Ermənistan hərbçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayət əməlləri barədə qonaqlara ətraflı məlumat verib. Daha sonra Davide Gualtierinin ifasında Azərbaycan muğamları səslənib, “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının rəhbəri Mais Nuriyev isə Azərbaycan dilində Qarabağ haqqında şeirlər söyləyib. Eyni zamanda, Məmməd Araz, Fikrət Qoca , Rəşad Məcid, Rəfail Tağızadə, Qulu Aqsəs, Elba Əliyevanın vətən haqqında şeirləri musiqinin müşayiəti ilə italiyan və Azərbaycan dilində səsləndirilib. Bundan başqa, Molla Pənah Vaqifin 300 illiyi münasibətilə İtaliyan dilinə tərcümə olunmuş kitabindan şeirlər də tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, tədbirlə əlaqədar xüsusi bülletenlər hazırlanaraq kitabxananın rəsmi saytında yerləşdirilib. Tədbirin özü haqqında məlumat isə Bolonya Universitetinin rəsmi saytında yer alıb. Bundan başqa, Davide Gualtierinin dəstəyi ilə universitetin rəsmi internet səhifəsində Azərbaycan bölməsi yaradılıb. Bu, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Davide Gualtierinin dəstəyi ilə Milan Konservatoriyasının, Milan Bələdiyyəsinin və şəhərin digər əhəmiyyətli binalarında Qarabağ həqiqətləri, Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib. Xocalı soyqırımına həsr etdiyi şeirə musiqi yazan Davide Gualtieri Azərbaycan həqiqətlərinin, xüsusən də Qarabağın işğalı və Xocalı soyqırımının yorulmaz təbliğatçılarındandır. O, Azərbaycanın tanınmış şairlərinin Qarabağa həsr etdiyi şeirlərini italyan dilinə tərcümə edərək muxtəlif vaxtlarda 4 kitab nəşr etdirib.