Hollandiyanın Haaqa şəhərində Belçika və Niderland Azərbaycanlıları Koordinasiya Şurasının ilk iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev və Şuraya daxil olan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, eləcə də fəalları iştirak edib.
İclasda əvvəlcə Azərbaycan diasporunun tarixi, onun formalaşmasında və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasında ulu öndər Heydər Əliyevin rolu barədə danışılıb. Sonra Hollandiyadakı diaspor təşkilatlarının fəaliyyəti, Prezident İlham Əliyevin Azərbaycan diasporunun qarşısına qoyduğu vəzifələr barədə müzakirələr aparılıb. Qoyulan həfədlərə çatmaq üçün diaspor təşkilatlarının birgə fəaliyyətinin zəruriliyi vurğulanıb. Bu istiqamətdə atılan ən vacib addım kimi yaradılmış Koordinasiya Şurasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, təşkilatların pərakəndə fəaliyyətinin koordinasiyalı şəkildə idarə olunması diaspor işində tezliklə öz səmərəsini verəcəkdir.
Koordinasiya Şurasının ilk iclasına qatılan diaspor rəhbərləri yaxın gələcəkdə sıralarının artacağına və beləliklə də Şuranın güclü bir quruma çevriləcəyinə ümid etdikərini deyiblər. Şuranın fəaliyyətinin azərbaycanlıların birlik rəmzinə çevrilməsi üçün, həyata keçiriləcək layihələrə təşkilat və diaspor fəalları ilə yanaşı, digər həmvətənlərimizin də cəlb edilməsinin vacibliyi bildirilib.
Toplantıda Koordinasiya Şurasının nizamnaməsi, vəzifə bölgüsü, yeni layihələr, 2019-cu ilin ilk yarısı üçün fəaliyyət planı ilə bağlı geniş müzakirələr aparılıb.