İtaliyanın Neapol şəhərinin Şərqşünaslıq Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Bakı-Neapol Assosiasiyası, Neapol Şərqşünaslıq Universiteti və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov, Bakı-Neapol Assosiasiyasının prezidenti Cuzeppe Kanilyo və vitse-prezident Elnur Camalxanov, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsindəki xidmətlərindən danışılıb.
Sonda ümummilli liderin Azərbaycanın müasir tarixindəki rolundan bəhs edən, italyan dilində hazırlanmış "Xilaskar həyatı" adlı sənədli film nümayiş etdirilib.
Tədbir çərçivəsində Bakı-Neapol Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Dillər Universiteti və Şərqşünaslıq Universiteti arasında Anlaşma Memorandumu da imzalanıb. Mərasimdə Şərqşünaslıq Universitetinin rektoru Elda Morlikkio, universitetin professoru, tanınmış şərqşünas alim Mikele Bernardini Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını, 2 ölkə arasında təhsil və mədəniyyət sahələrində mübadilələrə töhfə verməyə hazır olduqlarını bildiriblər.