Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib. Azərbaycanın Almaniyadakı Səfirliyində baş tutan iclasda səfir Ramin Həsənov, Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak edib.
İclasda aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Koordinasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə təkliflər verilib, qarşıda duran vəzifələr nəzərdən keçirilib, 2019-cu il üçün fəaliyyət planı, eləcə də qurumun nizamnaməsinin layihəsi, İdarə Heyətinə üzvlərin seçilməsi müzakirə olunub.
Görüşdə çıxış edən səfir Ramin Həsənov Koordinasiya Şurasının təsis edilməsinin diaspor işinin daha da təkmilləşdirilməsinə və səmərəliliyinin artırılmasına töhfə verəcəyinə əminliyini bildirib, bu istiqamətdə təkliflərini və tövsiyələrini diqqətə çatdırıb.
Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev Şura duran vəzifələrdən və öhdəliklərdən söz açıb, diaspor təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.