Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Anar Rəsulov və Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə bu ölkədə yaşayan ahıska türkləri ilə görüşüb.
Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Tbilisi şəhərindəki ofisində baş tutan görüşdə Birliyin Gürcüstan təmsilçisi İsmail Əhmədov təşkilatın fəaliyyəti barədə geniş məlumat verib.
Daha sonra qonaqlar DİDK və Səfirliyin nümayəndəsi İsmail Əhmədovun müşayiəti ilə Ahıska türklərinin kompakt yaşadığı Ahalsıx şəhərinə yola düşüb. Burada əvvəlcə Samsxe-Cavaxetiya Dövlət Üniversitetində təhsil alan, Azərbaycan vətəndaşı olan, ahıskalı tələbələrlə görüş keçirilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə buradakı tələbə yataqxanasına, Dövlət Komitəsi adından, ərzaq yardımı paylanılıb. Daha sonra qonaqlar ahıskalı tələbələri maraqlandıran məsələləri müzakirə edib, suallarını cavablandırıblar. Tələbələrə problemlərinin həlli ilə bağlı mümkün dəstəyin göstəriləcəyi bildirilib.
Daha sonra nümayəndə heyəti şəhərin Tavarni qəsəbəsində yaşayan, Azərbaycan vətəndaşı olan, ahıska türkləri ilə görüş keçirilib. Görüşdə son illər ərzində tarixi vətənləri Axalsıxa köç edən ahıskalı ziyalılar və gənclər iştirak edib. Görüşdə ahıskalılar icmasının problemləri, qayğıları, onları narahat edən məsələlər müzakirə olunub.