Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri bu gün Azərbaycanın qədim tarixi abidələrindən olan “Atəşgah” məbədini ziyarət ediblər. Burada qonaqlara məbədin və ölkəmizin zəngin və qədim tarixi haqqında geniş məlumat verilib.
Paskal Hacıbəyli Buşe və Benjamin Buşe bu gün həmçinin Mədəniyyət Nazirliyində olublar. Mədəniyyət naziri ilə görüşdə Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları və Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş Hacıbəylilər nəslinin nümayəndələri ilə bağlı fikir mübadiləsi aparılıb. Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda Hacıbəylilər ailəsinə böyük hörmət olduğunu qeyd edib, Cümhuriyyətin elan edilməsində xüsusi xidmətlər göstərmiş Ceyhun Hacıbəylinin Azərbaycanın tarixində oynadığı misilsiz rolunu vurğulayıb.
Görüşdə, həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışılıb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinə göstərilən diqqət və qayğıdan bəhs olunub.
Paskal Hacıbəyli Buşe və Benjamin Buşe səmimi qəbula görə təşəkkürlərini bildiriblər. Qonaqlar Bakıyla bağlı təəssüratlarını bölüşüb, son illər ərzində Bakının daha da gözəlləşdiyini və inkişaf etdiyini qeyd ediblər.
Qonaqlar bu gün Xalça Muzeyinə baş çəkib, Bakının gəzməli, görməli yerlərində olublar.
Qeyd edək, Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Azərbaycanda səfərdədirlər.