Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə Rumıniyanın Xaricdəki Rumınlarla İş üzrə Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Iki qurum arasında bu ilin iyul ayında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq Buxarestə baş tutan görüşdə DİDK-nı təmsil edən Əbülfəz Şeydabəyov Komitə sədrinin, Rumıniyada Respublika quruluşunun 100 illik yubiley bayramı münasibətilə, dost rumın xalqına salamlarını və təbriklərini çatdırıb.
Daha sonra Azərbaycan və Rumıniya diasporlarının əməkdaşlıq istiqamətləri müzakirə edilib. Görüşdə Azərbaycan diasporunun tarixi, məskunlaşma coğrafiyası və onların yaşadıqları cəmiyyətlərə inteqrasiyası barədə geniş məlumat verilib. Azərbaycan dövlətinin daim diaspora qayğı göstərdiyi, bu məqsədlə DİDK yanında Diaspora Dəstək Fondunun təsis edildiyi bildirilib.
Xaricdəki Rumınlarla İş üzrə Nazirliyinin əməkdaşı Mircea Marin isə öz növbəsində Azərbaycan Respublikasının 100 illik yubileyi münasibətilə dost Azərbaycan xalqını təbrik edərək xoş arzularını çatdırıb. M.Marin rumınların əsasən Avropa və ABŞ da daha mütəşəkkil təşkilatlandıqlarını qeyd edib və onların miqrasiya tarixi haqqında məlumat verib. Rumıniya Təhsil Nazirliyi və digər dövlət qurumlarının diasporun daha da güclənməsi naminə həyata keçirdikləri layihələr barədə məlumat verilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin iyul ayında Rumıniyaya səfəri çərçivəsində iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığa dair memorandum imzalanıb. Diaspor təcrübəsində ilk beynəlxalq strateji bir yanaşma kimi qiymətləndirilən bu sənəd xaricdəki azərbaycan və rumın diaspor təşkilatlarının bir-biri ilə daha sıx əməkdaşlığına şərait yaradacaqdır.