Avropada Azərbaycan musiqisini təbliğ edən soydaşımız, uzun illərdir Hollandiyada yaşayan musiqiçi, skripka ifaçısı diaspor fəalı Babaş Əliyev (Azəri) bu gün uzun sürən xəstəlikdən sonra 58 yaşında vəfat edib.
20 ilə yaxındır ailəsi ilə birgə Hollandiyaya köçən Babaş Əliyev musiqi sahəsində çalışmaqla yanaşı, diaspor fəaliyyəti ilə də məşğul olub. O, eyni zamanda Hollandiyada xərcəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün xeyriyyə konserti təşkil etmiş ilk azərbaycanlıdır. Bu ilin fevral ayında Naymerxen şəhərində orkestrlə keçirilən konsertdən yığılan vəsait uşaq xərçəngi ilə mübarizə aparan “KiKa” Fonduna köçürülüb. Babaş Əliyev fevral ayında holland musiqiçilərlə birgə Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş klassik musiqi gecəsi və sərgi təşkil edib.
Hollandiyadakı Azərbaycan icmasının hörmətlə yanaşdığı Babaş Əliyev yerli musiqiçilər arasında da nüfuz qazanmışdı. Azərbaycanlı musiqiçi haqqında dəfələrlə yerli media orqanlarında yazılar dərc olunub. Mərhum soydaşımızın iki oğlu da Hollandiyada musiqi sahəsində fəaliyyət göstərir.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq Babaş Əliyevin vaxtsız vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.