Rusiyanın Sankt-Peterburq şəhərinin Millətlər Evində “II Nar festivalı” təşkil olunub. Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin nəzdindəki Azərbaycanlı Gənclər Birliyinin fəallarının təşkil etdiyi festivalda “Sixaruli”, “Çinar”, “Dostluq” rəqs qrupları çıxış edib, vokal nömrələr, ritmlər və hind rəqsləri ifa olunub.
Konsert proqramı çərçivəsində üç müsabiqə keçirilərək, qaliblərə Azərbaycan məhsullarından ibarət hədiyyələr təqdim olunub.
Şou proqramdan sonra keçirilən interaktiv hissədə tamaşaçılara narın təmizlənməsi öyrədilib, xna ilə bəzəmə, uşaqlar üçün akvaqrim göstərilib. Rəssam Tahir Əliyev isə özünün şüşədən olan əl işlərini təqdim edib və uşaqlara ustad-dərsləri keçib.
Qeyd edək ki, tədbirdə Sankt-Peterburq Millətlər Evində təmsil olunan Özbəkistan, Dağıstan, Qaraçay və Balkar, Çeçenistan, Çərkəz və digər icmaların nüma¬yəndələri iştirak edib.
Sonda iştirakçılar, təşkil olunmuş furşetdə müxtəlif növ narları, milli şirniyyatları və digər milli təamları dadmaq imkanı əldə ediblər.